Home ARAŞDIRMA Ağ Ev Paşinyanı Rusiyaya xəyanətə sürükləyir: Baydenin “genosid əməliyyatı”nın hədəfi

Ağ Ev Paşinyanı Rusiyaya xəyanətə sürükləyir: Baydenin “genosid əməliyyatı”nın hədəfi

by admin
0 views

ABŞ-ın ermənilərə “genosid hədiyyəsi”nin əsas səbəblərindən biri də məhz Ermənistanı Rusiyanın əlindən almağa nail olmaqdır; Əgər, ermənilər Kremlə növbəti dəfə arxa çevirsələr, ABŞ-Rusiya qarşıdurması Cənubi Qafqaza sıçrayacaq…

ABŞ prezidenti Co Baydenin “genosid” deməsi hazırda geniş müzakirə mövzusuna çevrilib. Yəqin ki, bu məsələ hələ uzun müddət müzakirə ediləcək. Hər halda, Ağ Ev onilliklər boyu ehtiyatla oynadığı “genosid oyunu”nu nəhayət ki, sona çatdırdı.

“Genosid” mövzusu ABŞ-ın Türkiyəyə qarşı “təzyiqlər paketi”ndə xüsusi yer tuturdu. Əsas siyasi şantaj aləti rolunu oynayırdı. Nədənsə, bu vasitədən son bir dəfə də istifadə edib, mövzunu əhəmiyyətdən saldılar.

Əlbəttə ki, ermənilər hazırda sevinirlər. Türk dünyasındasa, bir qəzəb, Ağ Evin ədalətsizliyinə qarşı kəskin etiraz var. Və bu, Ağ Ev sahibi Co Baydenin “genosid əməliyyatı”na daha fərqli istiqamətlərdən yanaşmaq ehtiyacı yaradır.

erdo-bay-Ekran Alıntısı.JPG (57 KB)

Hər halda, “genosid əməliyyatı”ndan ən çox kimin zərər görəcəyi və ya mənfəət əldə edə biləcəyi hələlik məlum deyil. Ancaq bu addımın yalnız Türkiyənin əleyhinə olduğunu düşünmək də sadəlövhlük olardı. Çünki, rəsmi Ankara üçün bütün bunlar qətiyyən gözlənilməz deyildi, böyük ehtimalla ehtiyat plana sahibdir. Və yaxın günlərdə həmin planın ilkin əlamətlərinin sezilməsi istisna deyil.

Bu addımın yalnız Türkiyəni narahat etmədiyini biruzə verən kifayət qədər ciddi məqamlar mövcuddur. Yəni, Ağ Ev sahibinə “genosid əməliyyatı”nı hazırlayıb, təqdim edənlərin bir çox beynəlxalq hədəflərinin ola biləcəyi tamamilə inandırıcı görünür. Və buna verilən ilkin reaksiyalar da belə düşünməyə əsas verir.

Məsələ ondadır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu mövzuya münasibət bildirmək məcburiyyətində qalıb: “Kreml hesab edir ki, Ağ Evin Osmanlı imperiyası dövründə baş verən hadisələri “erməni soyqırımı” kimi tanıması ABŞ-ın daxili işidir”.

İlk baxışda tamamilə gündəmə uyğun və balansı qoruyan bir açıqlama təsiri bağışlayır. Ancaq bir qədər diqqətlə yanaşdıqda, Kreml bu açıqlama ilə müəyyən mesajlar verməyə çalışdığı nəzərə çarpır. Və Kreml təmsilçisinin o qədər də səmimi olmadığı ortaya çıxır.

Birincisi, D.Peskov bu açıqlama ilə Türkiyəyə “Rusiya üçün əhəmiyyəti yoxdur, biz qarışmırıq” mesajı verir. Yəni, Kreml Ağ Evin Türkiyə əleyhinə olan bu addımına hər hansı müsbət reaksiya verməyəcəyini qabardır. Və bu, Türkiyə-Rusiya münasibətlərinin perspektivləri baxımından, önəmli məqamdır.

1589287736947.jpg (147 KB)

Digər tərəfdən, Kreml təmsilçisinin “ABŞ-ın daxili işidir…” vurğusu da həm Ağ Evə, həm də rəsmi İrəvana ünvanlanıb. Rusiya mesaj verir ki, bu məsələ beynəlxalq siyasət məkanında istifadə edilə bilməz. Elə ABŞ-ın daxili mövqeyi olaraq, qalmalıdır.

Halbuki Kremldə bu məsələnin “ABŞ-ın daxili işi” olmadığını çox gözəl anlayırlar. Ən azından ona görə ki, bu məsələ Rusiya ilə xüsusi münasibətləri olan iki dövlətin – Türkiyə və Ermənistanın maraqlarına müsbət və ya mənfi keyfiyyətdə təsir göstərə bilər. Və bu, həm də Rusiyanın maraqlarına müdaxilə təhlükəsi yaradır.

Məsələ ondadır ki, Ağ Evin “genosid əməliyyatı” üçün seçdiyi zaman Rusiyaya o qədər də sərfəli deyil. Hər halda, Ağ Evin heç vaxt boşuna addımlar atmadığı qətiyyən şübhə doğurmur. Əgər, bir addım atılırsa, deməli, mütləq bir səbəbi var və ABŞ-ın milli maraqları bunu tələb edir.

Bəs, onda onilliklər boyu sağından və ya solundan keçilən bu addım niyə məhz indi atıldı? Bu suala cavab tapmaq üçün ABŞ-ın yeni xarici siyasət kursuna və Rusiya ətrafında baş verən proseslərə diqqət etmək lazımdır.

Bayden administrasiyası Rusiyanı sıxışdırılmasına yönəlik xarici siyasət kursu yürüdür. Ukrayna böhranı ilə Rusiyanı MDB məkanında yeni savaş bataqlığına çəkməyə çalışır. Çünki, Rusiya son illərdə ABŞ-ın beynəlxalq mövqelərinə şərik çıxmaq şansı qazanıb.

Digər tərəfdən, Rusiya ABŞ-ın Cənubi Qafqaz siyasətini də iflasa yaxınlaşdırıb. Belə ki, 2018-ci ildə Ağ Ev Soros Fondu üzərindən Paşinyan görəvə gətirməklə, Ermənistanı Rusiyaya sadiq siyasi qüvvələrin əlindən almışdı. Ermənistan tamamilə üzünü Qərbə çevirib, Rusiyadan uzaqlaşma kursu götürmüşdü.

1393241.jpg (37 KB)

Ancaq Azərbaycanın Ermənistan üzərində tarixi hərbi zəfəri bu durumu ciddi şəkildə dəyişdi. Rusiya Azərbaycanın hərbi əməliyyatlarına müqavimət göstərmədi. Sadəcə, son anda 10 noyabr anlaşması ilə Ermənistanı dağılmaqdan xilas etdi. Nəticədə Kreml həm Azərbaycanla, həm də Ermənistanla daha fərqli münasibətlər imkanı qazandı. İndi Azərbaycanda Rusiya sülhməramlı qüvvələri yerləşdirilib, Ermənistanda isə Kremli xilaskar hesab edirlər. ABŞ-ın hakimiyyətə gətirdiyi baş nazir Nikol Paşinyan isə tamamilə Kremldən asılı vəziyyətə düşüb. Yəni, ABŞ-ın Cənubi Qafqazda elə bir təsir mexanizmləri qalmayıb.

Təbii ki, belə vəziyyətdə Ağ Ev üçün Paşinyan hakimiyyətinin yenidən Kremlin nəzarətindən qoparılması vacibdir. Ancaq bunun üçün elə bir addım atılmalıydı ki, Rusiyanın ermənilərin nəzərində xilaskar obrazı dağılmış olsun. Belə bir addım isə ermənilərin onilliklər boyu eşitmək üçün qulaqlarını Ağ sahiblərinin ağzına köklədikləri “genosid” kəlməsi ola bilərdi.

Təbii ki, Ağ Ev ermənilərə bu kəlməni “hədiyyə” etdi və indi rəsmi İrəvandan bunun qarşılığını gözləyir. Yəni, cəmisi bir neçə gün öncə Kremlə yalvaran Paşinyan hakimiyyəti yenidən öz ağalarının – ABŞ və Qərbin orbitinə dönməyə borcludur. Əks halda, Ağ Ev ermənilərə verdiyi “hədiyyə”ni Ermənistana daha ağır ziyanla geri almağı bacarar.

Əslində, ABŞ-ın Ermənistandan ciddi gözləntilərinin olduğunu, Paşinyan hakimiyyətini isə Rusiyanın öhdəsinə buraxmayacağını bir neçə gün öncə nümayişkaranə şəkildə göstərmişdi. Belə ki, baş nazir Nikol Paşinyan Zəngəzur bölgəsinə səfərini gizli şəkildə reallaşdırmaq məcburiyyətində qalmışdı. Hətta sonradan yerli sakinlər ona hücum etmişdilər.

Məhz belə ağır və biabırçı durumda erməni baş nazirin yardımına yenə də ABŞ yetişmişdi. Heç kimin gözləmədiyi halda, ABŞ səfiri də Zəngəzur bölgəsində peyda olmuşdu. Və erməni baş nazirin siyasi toxunulmazlığının mesajını vermişdi.

pencere81257_res_00.jpg (110 KB)

Belə anlaşılır ki, ABŞ Cənubi Qafqazda yaranmış durumdan qətiyyən məmnun deyil. Vəziyyəti öz xeyrinə dəyişmək üçün regionda yeganə dayağı olan Paşinyan hakimiyyətini Rusiyanın əlindən çəkib, almağa çalışır. Və bu məqsədlə də Paşinyan hakimiyyətinin siyasi-ideoloji mövqelərini gücləndirməyə cəhd göstərir.

Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, Ağ Ev sahibi Co Baydenin “genosid əməliyyatı”nın əsas hədəfləri sırasında Ermənistanda Rusiyanın yenidən güclənməsinin qarşısını almaq niyyəti olmamış deyil. Böyük ehtimalla erməni baş nazir növbədənkənar parlament seçkilərində ABŞ-ın “genosid hədiyyəsi”ndən öz siyasi maraqları çərçivəsində istifadə edəcək. Üstəlik, bu “hədiyyə”ni örnək göstərərək, ABŞ və Qərblə münasibətlər sayəsində Ermənistanın milli maraqlarını təmin edə biləcəyinə erməni seçiciləri inandırmağa çalışacaq.

Göründüyü kimi, ABŞ və Qərb Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində Rusiya ilə yeni rəqabət mərhələsinə start verib. Ağ Ev Paşinyan hakimiyyətini və Ermənistanı Rusiyanın əlindən almağa cəhd göstərir. Bu baxımdan, Rusiyanın bu rəqabətə nə qədər hazır olduğunu hələlik müəyyən etmək bir qədər çətindir. Çünki, son dövrlərdə Kreml Rusiyanın Ermənistana dönüşünü məhz Paşinyan hakimiyyəti üzərindən reallaşdırmağa çalışdığı müşahidə olunurdu.

İndi isə “genosid əməliyyatı” ilə Paşinyan hakimiyyətinin yenidən ABŞ-ın nəzarəti altına keçmə ehtimalı ciddi görüntülər almağa başlayıb. Belə anlaşılır ki, əgər, Nikol Paşinyan növbədənkənar parlament seçkilərindən öz siyasi komandasını qələbə ilə çıxara bilərsə, Ermənistanın Rusiyaya növbəti dəfə xəyanət etmə ehtimalı güclənmiş olacaq. Bu isə ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasının Cənubi Qafqaza keçə biləcəyindən xəbər verir.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert

Bu yazılara da göz atın...