Home ARAŞDIRMA Gürcüstan, 44 günlük “DƏRS” və Qafqazda yaranan yeni GEOPOLİTİK SİTUASİYA-TƏHLİL

Gürcüstan, 44 günlük “DƏRS” və Qafqazda yaranan yeni GEOPOLİTİK SİTUASİYA-TƏHLİL

by admin
26 views

Gürcüstan hökuməti 44 günlük Qarabağ müharibəsində Ermənistan və Azərbaycanla dövlət sərhədlərini bağlayaraq, silah-sursat daşınmasının qarşısını almışdı. Hərçənd, mediada Ermənistanın Serbiya istehsalı silahları Gürcüstan vasitəsilə keçirdiyi haqqında məlumatlar dolaşırdı. Gürcüstanın regionda ən yaxın tərəfdaşları Azərbaycan və Türkiyədir.

Doğrudur, bu ölkənin öz cənub qonşusu Ermənistan ilə də yüksək səviyyəli əlaqələri mövcuddur. Buna rəğmən, Gürcüstan üçün Azərbaycan və Türkiyə müstəsna rol oynayır. Təsadüf deyil ki, Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyanın böyük hissəsi Türkiyə və Azərbaycanın payına düşür. Üstəlik, Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kimi regional layihələr belə demək mümkünsə Gürcüstan iqtisadiyyatının can damarıdır.

10 noyabr sazişindən sonra Gürcüstan prezidenti Salomo Zurabişvili tvitter hesabında “Sülh və stabilliyin alternativi yoxdur və əməkdaşlıq üçün lazım olan yeni səhifəni birlikdə açacağıq” yazmışdı. Keçmiş baş nazir Georgi Zakaria və hakim “Gürcü Arzusu” partiyası müharibə dövründə maksimum neytral mövqe sərgiləyirdi. Çünki, müharibənin uzanması bəlli bir perioddan sonra Gürcüstandan birtərəfli mövqe nümayiş etdirməyi tələb edə bilərdi. Digər tərəfdən, münaqişə Gürcüstan iqtisadiyyatı üçün də problemlər yarada bilərdi. Yuxarıda qeyd etdiyim kimi, Zurabişvilinin tvitindən sonra ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Lan Kelli Zurabaşviliyə “Necə ola bilər ki, Gürcüstan Rusiyanın Qafqazı yenidən işğal etməsi ilə bağlı olan razılığı alqışlamışdı?” kimi bir cümlə işlətmişdi. Lakin amerikalı diplomat yaddan çıxarmışdı kı, 10 noyabr sazişinə qədər də Ermənistanda Rusiya hərbi bazası mövcud idi. Hətta 102 saylı rus hərbi bazası Ermənistanın şərq sərhədlərini ABŞ-ın müttəfiqi Türkiyədən qoruyur. Rusiya heç vaxt Qafqazdan çıxmamışdı; bu avtoritar ölkəni Qafqazdan çıxarmağa çalışanlar ya hakimiyyətdən olurlar, ya da ərazisinin bir hissəsinin işğalı faktı ilə qarşılaşırlar.

Qafqazda sülhün hakim olması perspektivdə Gürcüstan üçün olduqca vacibdir. Bu ölkə turizm, tranzit və ticarətdən gəlir götürür. Təbii sərvətləri olmayan, həmişə Rusiyanın birbaşa və dolayı təzyiqləriylə qarşılaşan bir kiçik ölkə üçün “Pis sülh yaxşı müharibədən daha əlverişlidir” prinsipi keçərlidir. Bu, o deməkdir ki, Azərbaycan və Ermənistan arasında sülh Gürcüstanın regiondakı tranzit üstünlüklərini təhdid etməyəcək. Lakin bu mövzuda bir məqamı da nəzərdən qaçırmamalıyıq.

Görəsən, yaxın perspektivdə Azərbaycan və Ermənistan arasında kommunikasiya əlaqələrinin bərpa edilməsi Gürcüstanın bu zamana qədərki regional tranzit üstünlüklərini zəiflədə bilərmi? Yəni, Mehri üzərindən Naxçıvana çəkiləcək yolu nəzərdə tuturam. Belə olacağı təqdirdə, bu yolla təkcə yük maşınları deyil, sərnişin daşınması da mümkün ola bilər.

İran və Gürcüstan ərazisinə keçməməklə Mehri-Naxçıvan xətti ilə birbaşa Türkiyəyə getmək olur.  Kənardan baxanda bu, Gürcüstanın geopolitik üstünlüyünə də mane ola bilər. Lakin məsələ budur ki, bu, geopolitik problem yaratsa da, Gürcüstanın başqa üstünlüyü onun Ermənistandan fərqli olaraq Qara dənizə çıxışının olmasıdır. Bundan əlavə, Zaqafqaziyada sülhün, stabilliyin təsis olunması regionun ümumi inkişafına da təsirsiz ötüşməyəcək. Azərbaycanın güclənməsi Bakı-Tiflis-Ərzurum kimi proyektlərin daha cəlbedici olmasına şərait yaradır.

İddia etmirəm ki, Qarabağdakı rus sülhməramlılarının Gürcüstanın təhlükəsizliyinə təhdid təşkil edə bilər. Çünki, həm Abxaziyada, həm də Cənubi Osetiyada rus hərbçiləri var. Lakin 44 günlük müharibənin gürcü cəmiyyətində yaratdığı bir pozitiv aura var. Gürcülər dərk edir ki, Abxaziya və Osetiyadakı rus işğalı əbədi davam edə bilməz. Azərbaycanın həyata keçirdiyi siyasəti Gürcüstanda nəzərə alır. Yəni, 100%-lik nəticə olmasa da, gələcəkdə Abxaziya Osetiyada müəyyən fürsətlər ortaya çıxa bilər. Gürcüstan 44 günlük müharibədən nəticələr çıxarmağı bacarmalıdır; öz hərbi sənayesini gücləndirməli, PUA-lardan istifadə etmək qaydalarını mənimsəməlidir.

Müharibədən sonra regionda geopolitik vəziyyət dəyişdi. Rusiya Qafqazı əsla itirmək istəmir. Buna rəğmən, Qərb də Gürcüstandan vaz keçməyəcək. Gürcülər anlayır ki, dəyişən geopolitik vəziyyət nə zamansa Abxaziya və Osetiyanı da Rusiyanın caynağından qurtarmaq üçün yeni imkanlar aça bilər.

Siyasi ekspert Kamal Əliyev

KAİM.az

Bu yazılara da göz atın...