Home ARAŞDIRMA Navalniy “demokratik” rus camaatına HƏQİQƏTƏN ÇARƏ OLACAQ ?-ANALİZ

Navalniy “demokratik” rus camaatına HƏQİQƏTƏN ÇARƏ OLACAQ ?-ANALİZ

by admin
4 views

Rusiyada Putin avtoritarizminə qarşı dirənən istənilən siyasətçi, bloger, aktivist təkcə azərbaycanlılar üçün deyil, demokratiyaya susamış bəşəriyyət üçün çox vacibdir. Gəlin, məsələyə rasional yanaşaq…

Rusiya bizim xəyalımızda necədir?

Sual şübhəsiz ritorikdir. Ancaq, mövzu Rusiyadırsa və onun imperialist, ekspansianist siyasətidirsə, ritorika nisbətən arxa plana keçir. Rusiya bir imperiya kimi biz azərbaycanlıların təsəvvüründə və təxəyyülündə qaniçəndir, vəhşidir. Rusiya 31 il öncə Bakıda törədilən qanlı 20 yanvardır. Rusiya Praqada, Vilnüsdə, Tiflisdə törədilən qırğınlardır. Nəhayət, Rusiya noyabrda bir gecənin içində Qarabağa soxulan ölkədir, müstəqilliyimizə total təhlükədir. Rusiya bizim üçün 5-ci kalondur və s.

Rusiya ilə qonşu olmaq təhlükəlidir. Çünki biz bu imperialist dövlətin nəzərində onun geosiyasi vektoruyuq, hinterlandıyıq. Biz tarixdə nə vaxt əl-qol açmaq istəyirik, o dəqiqə təcavüzlə, intervensiya ilə qarşılaşırıq. Mən həmişə Rusiyaya maksimum realist optikadan baxmağa çalışıram, real politikaya daha çox güvənirəm. Rusiyaya rasional optikadan baxmaq qorxaqlıq deyil, onun qarşısında taviz vermək deyil.

Rus dövlətinin bir mərkəziyyətçi, dominant və imperativ dövlətçilik refleksi var. Kimliyindən asılı olmayaraq, Kremldə oturan siyasi fiqur vurğuladığım rus dövlətçiliyi refleksinin əksinə gedə bilməz. Bəzilərinin zəif siyasətçi kimi xarakterizə etdiyi Boris Yeltsində rus dövlətçilik refleksinə qarşı getmirdi.

Navalnıy kimdir və o, doğurdan da azadlıqsevərdir?

Əvvala, Navalnıyı analiz edərkən, əvvəlcə onun indiyə qədərki siyasi manevrlərinə diqqət etmək lazımdır. O, Putin rejiminin qatı əleyhdarıdır, əslində sistemə qarşı deyil, daha çox hakim zümrənin korrupsiya aparatının üzərində fokuslanır. Navalnıy yeri gələndə Putinin Krım siyasətini dəstəkləyir, hətta şərqi Ukrayna məsələsində Putinin vecsizliyini də legitimləşdirir. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi intervensiyasının labüdlüyünü qətiyyən gizlətmir.

Rus millətçilərinin “Qafqazı yedizdirməyə son verin!” şüarı altında keçirdiyi mitinqdə də həvəslə iştirak etmişdir. Navalnıy bəri başdan deyim ki, konservativ dəyərlərin dominant olduğu ölkədə liberal deyil. Düzdür, mən Navalnıyı qatı millətçi kateqoriyasına aid etmirəm. Amerikalı siyasi ekspert Pol Qobl deyirdi ki, Rusiyanın çoxmillətli cəmiyyətində liberalizm uğursuzluğa düçar olub. Məsələn, Yavlinskinin “Yabloka” partiyası bu missiyanı həyata keçirə bilmədi. Nemtsovu Kremlin divarlarının yanında güllələdilər. Rusiya həmişə bir dövlət kimi qarşısında iki təhlükəni görür: destruktiv milliyətçilik kimi təhlükələr və xaricdən gələn qəzəbli müdaxilələr.

Bu üzdən Rusiya tarazlığı qorumaq üçün bonapartist və avtoritar mərkəzçi idarəetmə prinsiplərinə sadiqdir. Rusiya mütləq özünə bir xarici düşmən tapmalıdır. Bonapartist düşüncə ilə kütlələri sentrilizasiya etmək rus dövlətinin refleksidir.

Navalnıya gəldikdə isə, o, özünü nə milliyyətçi, nə sağçı, nə solçu kimi xarakterizə edir. Navalnıy özünü “məsuliyyətli rus vətəndaşı” kimi təsbit edir.

Qərb üçün Navalnıy.

Aleksey Navalnıy 2020-ci ildə Yale universitetində tədqiqatçı kimi təhsil alıb. O, Qərb üçün ona görə cazibədar fiqurdur ki, mövcud putinizmə, onun korrupsiya aparatına, avtoritarizmə qarşı keyfiyyətli mübarizə aparır. Qərb onun Krım və Gürcüstan müdaxilələrinə qarşı münasibətini çox gözəl dərk edir. Ancaq başqa alternativ də yoxdur. Navalnıya qədər Putinə qarşı gələnlər ya ölkəni tərk edir, ya da fiziki olaraq məhv edilirlər. Rusiya öz təbii resurslarına görə, dünyanın ən varlı ölkəsidir. Di gəl, ölkəni idarə edən zehniyyət acgözdür və sadə rusları düşünmür. Ölkə xarici investisiya cəlb edə bilmir. Putin Suriyada, Liviyada, Gürcüstanda, Moldovada ,Azərbaycanda ,Mərkəzi Asiyada bədbəxt rusları ac qoyaraq, bu ölkələrdə öz maraqları üçün hər şeydən keçir. Rus cəmiyyəti isə acdır, sabaha ümidi yoxdur. Navalnı isə korrupsiyaya qarşıdır, oliqarxları ifşa edir. Bu, Qərbin də xoşuna gəlir.

Təsəvvür edin ki, son 10 ildə 10 milyon rus ölkəni tərk edib. Bu qədər varlı ölkənin vətəndaşı ölkəsini tərk edir. Navalnıy bunları görür və deyir. Qərbin ona “stavkasının” da səbəblərindən biri budur. O, Rusiyaya demokratiya və azad bazar iqtisadiyyatı vəd edir.

Elə Avropa İttifaqını da var edən bu dəyərlər deyilmi?

Kamal ƏLİYEV

Bu yazılara da göz atın...