Home ARAŞDIRMA Bulqakovu Xankəndiyə gətirən SİRLİ MƏQAMLAR və 2 aprel “Moskva görüşü”nün PƏRDƏARXASI – ANALİZ

Bulqakovu Xankəndiyə gətirən SİRLİ MƏQAMLAR və 2 aprel “Moskva görüşü”nün PƏRDƏARXASI – ANALİZ

by admin
145 views

Gəlin əvvəlcə Rusiya Müdafiə naziri Şoyqunun müavini Bulqakovun Xankəndiyə səfərindən başlayaq.

Birincisi, general Bulqakov Azərbaycanın yurisdiksiyasına daxil olan Xankəndiyə hardan daxil olub?

Mən bu sualı ona görə verirəm ki, Xankəndiyə ya Ermənistana gəlib, oradan Laçın koridorunu keçməklə daxil olmaq olardı, ya da Azərbaycan ərazisindən Dağlıq Qarabağa getmək olardı. Üçüncü variant isə o, yenə də Azərbaycanın hava məkanını istifadə etməklə Xankəndi aeroportuna eniş edə bilərdi. Sonuncu varianta az ehtimal verirəm.

10 noyabr üçtərəfli razılaşmasına görə, Yuxarı Qarabağ ərazisində yerləşdirilən rus sülhməramlılarının sayı 1960 nəfərdir. Əgər bu razılaşmanı imzalayan Azərbaycan, Ermənistan və Rusiya tərəfi bunu təsdiq ediblərsə, o zaman biz buna inanmalıyıq.

Lakin rus sülhməramlıları “10 noyabr sazişi”nə əməl etməyərək, ərazidən köçmüş erməniləri məcburi şəkildə bölgəyə daşıyır. Üstəlik, Rusiyanın diqtəsi ilə Arutyunyan və Balasanyan tandemi Yuxarı Qarabağda rus dilini ikinci rəsmi dil elan edir. Maraqlıdır, rəsmi Kreml buna hələ də münasibət bildirməyib. Çünki bu cəhdin əsas “ilhamvericisi” Putin rejimidir.

Göründüyü kimi, ruslar Azərbaycanın daxilində ikinci erməni dövlətini addım-addım qururlar.

Biz hələ də Bulqakovun səfərinə hökumət tərəfindən rəsmi açıqlama verildiyinə şahid olmamışıq. Ruslar isə 2906 nəfər sülhməramlı üçün hərbi şəhərcikləri tikməkdə davam edir. Mən güman edirəm ki, ruslar hərbi şəhərcikləri tikərkən, Azərbaycan tərəfindən icazə almayıblar. Hətta bir az da uzaqda gedərək deyə bilərəm ki, Rusiya 4, 5 ildən sonra Qarabağdan çıxmamaq üçün hər oyundan çıxa bilər. Ruslar dünyada girdikləri yerdən çıxmırlar və hara gedirlərsə ora qan aparırlar, vəhşiliklər törədirlər. Ehtimal edirəm ki, bir müddət sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu da durub Qarabağa gələcək…

***

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. İctimaiyyətə verilən informasiyada deyilir ki, tərəflər kommunikasiya sistemlərinin yaradılmasını müzakirə edəcəklər. Hərçənd, bu işlə baş nazirlərin müavinləri məşğul olacaqdı.

Güman edirəm ki, görüşdə bölgədə hazırkı situasiya və demarkasiya məsələləri müzakirə olunacaq. Kənardan belə görünür ki, Rusiya 10 noyabr sazişindən ən karlı çıxan ölkədir. Və ruslar əldə etdikləri bu üstünlükləri müttəfiqi Ermənistan ilə bölüşməyə can atır.

Son günlər Qarabağda 3 azərbaycanlı əsgərin şəhid olması, Şuşada tapılan “İsgəndər” raketinin qalıqları, Mironovun açıqlamaları, Paşinyana qarşı Ara Abramyan fiqurunun ortaya çıxarılması Rusiyanın kiçik qardaşı ermənilərə jesti kimi dəyərləndirilə bilər.

Sabahkı görüşdə xarici işlər naziri Ceyhun Bayramov Lavrov və Ara Ayvazyanın qarşısına konkret suallar qoymalıdır. Bunlar: erməni diversantlarının Qarabağdan çıxarılması, heç bir erməni rəsmisinin bölgəyə ayaq basmaması, tərəflərin birdəfəlik “Dağlıq Qarabağ” münaqişəsi terminindən istifadə etməməsi olmalıdır.

Ermənistan hökumətinin Yuxarı Qarabağın “iqtisadi inkişafı” üçün vəsait ayırmaması da bu tələblər arasında səsləndirilə bilər. Yoxsa, bizim indiki situasiyada daha çox güzəştə gedən və zəif bənd olduğumuz təəssüratı yaranır. Artıq bizim də Xankəndiyə nə vaxt gedəcəyimiz, Laçın koridorunu nə vaxt ziyarət edəcəyimiz də Lavrovun diqqətinə çatdırılmalıdır.

İndi Xankəndiyə azərbaycanlılardan başqa hamı ayaq basa bilir…

Siyasi ekspert Kamal Əliyev

Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Bu yazılara da göz atın...