Home ARAŞDIRMA Xurşidbanu Natəvanın sümüklərini oğurlamaqda ERMƏNİLƏRİN ŞOK MƏQSƏDİ-ARAŞDIRMA

Xurşidbanu Natəvanın sümüklərini oğurlamaqda ERMƏNİLƏRİN ŞOK MƏQSƏDİ-ARAŞDIRMA

by admin
30 views
Tanınmış fotojurnalist Reza Deqati Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu zaman görkəmli şairə Xurşidbanu Natəvanın məqbərəsinə qarşı törətdikləri vəhşiliklə bağlı paylaşım edib.
Natəvanın Qarabağın sonuncu xanının varisi olmasından və onun ailənin sərvətinin böyük hissəsini humanitar fəaliyyətə, o cümlədən Şuşa şəhərinə su təminatını həyata keçirən və o dövr üçün mühəndislik incisi hesab olunan boru xəttinin çəkilməsinə sərf etməsindən bəhs edən Deqati 1897-ci ildə vəfat edən şairənin Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunduğunu da bildirib. Məşhur fotoqraf ilk dəfə 1992-ci ildə, erməni hərbi birləşmələrinin Ağdama hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini vurğulayıb. Ağdamın erməni işğalından azad edilməsindən sonra bu yerləri ziyarət edən Reza Deqati şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra şairənin dəfn edildiyi məzarın dağıdıldığını gördüyünü dərin təəssüflə bildirib. O qeyd edib ki, Natəvanın sümükləri də qəbrindən çıxarılaraq aparılıb.
Məqbərəyə qarşı həyata keçirilən vandalizmin detallarını Xurşidbanu Natəvanın soyundan olub, onun adını daşıyan, İsrailin tanınmış hüquq eksperti Natəvan Rəşidova Katsmanla müzakirə etdik.
Katsman açıqlamasında nəinki ulu nənəsi, dahi şairənin məzarına, eləcə də Qarabağ ərazisindəki bütün qəbirlərə qarşı həyata keçirilən erməni vandalizminin cəzasız qalmayacağını vurğuladı. Qeyd etdi ki, məzarın qazılıb, məhv edilməsi sadəcə vəhşilikdir:
“Növbəti erməni cinayətinin, vandalizm aktının şahidi oluruq. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin parlaq siması, Şuşa xanının qızı Natəvanın məzarından sümüklərinin barbarcasına çıxarılıb, məhv edilməsi məni çox kədərləndirir. Tək ona görə yox ki, dahi şairin soyundanam və onun adını daşıyıram. Hər şeydən öncə söhbət bir insanın məzarından, ruhuna qarşı sayğısızlıqdan gedir. Bu fakt nəinki beynəlxalq hüququn kobud şəkildə pozulmasından, eləcə də mənəvi dəyərlərin, insani duyğuların kasadlığından xəbər verir. İstənilən şəxsin məzarının vəhşiliklə məhv edilməsi Allah qarşısında günahdır.
Qarabağa dönəcəyim günü böyük ümidlə gözləyirdim. Ulu babalarımın, nənələrimin qəbirlərini ziyarət etməyə böyük ümid bəsləyirdim. Gördüyüm mənzərə məni şoka saldı, çox ağrılıdır. Bu gün əksər qarabağlı mənimlə bir taleyi yaşayır. Atalarının, analarının, nənə-babalarının qəbirləri sökülüb, talan olunub. Bu, tarix boyu Qarabağ ərazisində yaşayan ermənilərin məkrli siyasətinin davamıdır. Bütün üsullara əl atırlar ki, Qarabağdakı izimizi, mədəni abidələrimizi məhv etsinlər. Baş verən son hadisələr də erməni terrorizminin bariz nümunəsidir. Lakin onlar bilməlidirlər ki, törətdikləri insanlığa sığmayan əməllər bizi ruhdan sala bilməz, salmayacaq. Azərbaycan bu məsələ üzrə beynəlxalq məhkəməyə müraciət edib, bu vandallığı törədənləri hüquqi məsuliyyətə cəlb etməyə nail olmalıdır. Nəinki Xurşidbanu Natəvanın məzarından oğurlanmış sümüklərin, eləcə də bütün məhv edilmiş qəbirlərin hesabı aparılmalıdır. Həmçinin tarix boyu mədəniyyətə, ədəbiyyata dərin hörmət bəsləyən Rusiya dövlətinin sülhməramlıları da bu məsələdə maraqlı olmalıdır.
Fotoşəkillərdən görünür ki, erməni vəhşiləri sümükləri qəbirdən çıxarmaqda bir məqsəd güdüblər – tariximizi məhv etmək. Qalıqları Azərbaycana geri qaytarmaq üçün əlimizdən gələni etmək məcburiyyətindəyik. Haaqa Konvensiyası, humanitar hüquq normaları sərt şəkildə pozulub. Daim mədəni abidələrin qorunması üçün durmadan çalışan YUNESKO-nun da bu faciəyə gözünü açmaq lazımdır. Natəvan kimi şəxsiyyətin xatirəsinə qarşı törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Bu konvensiyalardan bir bəndi nəzərinizə çatdırmaq istəyirəm. İstənilən ərazidə müharibə baş verərsə, mədəni, tarixi abidələr toxunulmaz qalmalı, qorunmalıdır. Bu halda nəinki abidələr qorunmayıb, hətta məhv olunması üçün vəhşi düşmən bütün imkanlarını səfərbər edib. İstənilən azərbaycanlı kimi Kəlbəcər və digər doğma rayonlarımızda təbiətə qarşı törədilmiş vəhşiliklər məni çox üzür, bu terroru beynəlxalq platformada ictimaiyyətin nəzərinə çatdırmalıyıq. Məsələni diqqətdən kənar qoymamalıyıq. Dünya insanı erməni işğalçılarının iç üzünü görməlidir. Ermənilər bilməlidir ki, törətdikləri cinayətlər xalqımızın güclü ruhunu öldürə bilməz. Biz doğma torpaqlarımıza sevgi, azadlıq ruhu bəxş edəcəyik. Qarabağı cənnətə çevirəcəyik. Çünki vətənimizin bundan ötrü bütün potensialı var. Erməni faşistləri, separatçıları nə qədər cinayət törətsə də, vətənimiz günbəgün güclənəcək. Onlara layiqli cavabımızı verəcəyik. Çünki biz haqq yolundayıq”.
Mənbə: Publika.az

Bu yazılara da göz atın...