Home CƏMİYYƏT “Dostluq Məşəli”, “DOST” mərkəzində!

“Dostluq Məşəli”, “DOST” mərkəzində!

by admin
112 views

Prezident İlham Əliyevin sərəncamı və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “DOST” mərkəzi uzun müddətdir xalqa sosial sahədə xidmət edir.

Yaxın zamanlarda 3 saylı “DOST” mərkəzinin də açılışı oldu. “Dostluq məşəli” cəmiyyəti olaraq biz də bu mərkəzi ziyarət etmək qərarına gəldik.

Yeni sosial agentlik ən böyük “DOST” mərkəzlərindəndir və paytaxtın Nizami rayonunda yerləşir. Vətəndaş məmnunluğu, sosial xidmət keyfiyyətinin artırılması mərkəz fəaliyyətinin özülünü təşkil edir. Sabunçu, Suraxanı və Nizami rayon sakinlərinin sosial problemləri ilə əlaqədar vətəndaş qəbulunu həyata keçirir. Hazırda, burada 132 xidmət fəaliyyət göstərir və bu, bütün sosial işlərin əhatə olunması deməkdir.

Yeni mərkəz gün ərzində 500 vətəndaş qəbul etmək gücündədir. Lakin, təcrübə və dəqiq iş fəaliyyəti sayəsində  daha çox vətəndaşın problemlərinin aradan qaldırılması hədəflənib. Sosial müdafiə, sosial təminat, məşğulluq, əlillik, əmək münasibətləri, pensiya, müavinətlər və digər sosial sahələr üzrə xidmətləri innovativ metodlarlarla, müasir texnologiyadan istifadə etməklə vətəndaşın yararlanması üçün təqdim edir.

“DOST” mərkəzi yaxın vaxtlarda yeni binaların tikilməsinə ehtiyac olmayacağını və əhaliyə virtual portallar vasitəsilə xidmət göstərəcəklərini bildirib. Nəticədə, hər hansı sosial xidmətin təmin olunması sadəcə smartfon və telefonlar vasitəsilə həyata keçiriləcək.

Bu və digər mərkəzlərdə əsas sosial xidmətlər tamamilə ödənişsizdir. Əlavə xidmət kimi nəzərdə tutulmuş notarius və bank xidmətlərinə görə isə cüzi rüsumlar təyin olunub.

Könüllülərin yüksək səviyyəli fəaliyyəti sosial agentliyin əhaliyə daha keyfiyyətli xidmət göstərməsində əsas rol oynayır. Xüsusi şövqlə çalışan, könlünü sözün əsl mənasında işinə vermiş bu xeyirxah insanlar heç şübhəsiz cəmiyyətin nümunəvi şəxsləridir.  Könüllülər DOST mərkəzinə müraciət edən əlillərlə daha yaxından tanış olur, səmimi münasibət fonunda onların qayğısına qalır.  Biz də ənənəyə sadiq qalıb “Dost məşəli” cəmiyyəti olaraq könüllülərlə bərabər bərpa mərkəzində müalicə alan əlilləri ziyarət etdik. Əlillərin göstərilən qayğı və diqqətdən məmnunluğunu görmək bizə mənəvi zövq verdi. Aşağıda həmin xoş anlardan geriyə qalan unudulmaz anların fotolarını görürsünüz.

Mən dövlətimizin xalqa münasibətinin əsas göstəricilərindən olan layihəni birbaşa öz gözlərimlə gördüm. Buradakı səliqə-sahman göz oxşayırdı. Müraciət edən əhalinin rahatlığı, məmnuniyyəti onların üz cizgilərindən bəlli idi. Həmin şəxslərlə söhbətimizdən aydın oldu ki, onlar DOST mərkəzindən çox razıdırlar. İşçilərin xoş davranışı, könüllülərin qonaqlara can yandırması insanların danışığında öz təzahürünü tapdı.

Aşağıda qeyd etdiyim şeri dövlətimizə və onun xalqa münasibətinin güzgüsü olan DOST mərkəzinə həsr edirəm.

Dərin məhəbbət var qoynunda Vətən,
Odlar diyarısan hələ qədimdən.
Sinəndə sönməyən məşəllər odu,
Tanıtmış dünyaya atəşli Yurdu.
Lütfkar xalqımız qonaq sevərdir,
Ulusu-obası bir mənzərədir.
Qalxıb dalğalansın Vətən Bayrağı,

Mehriban dost olsun, dostun dayağı.
Əzəmət, təntənə bizlədir indi,
Şərəfə layiqlər vuran qəlbimdi.

Əziz məmləkətim durur çox sözün,
Laləzər olacaq hər dağın, düzün.
İlhamla hər zaman güləcək üzün.

Dövlətin doğrudur əməli, işi,
Onun belə olub təməl keçmişi.
Sosial işlər edir, hər kəsə kömək,
Təməl prinsipi gənclərə dəstək.
Məsləki, amalı səxavət ancaq,
Əməli-işilə, xalqa qalacaq.
Ruha qida tapır burda hər insan,
Kəramət mərkəzi olub binadan.
Əzəldən dayanaq verir hər işə,
Zəruri ehtiyac olan hər kəsə.

İdrakın fövqündə bir dayaq kimi,
Nuru şölə saçır bir mayaq kimi.
Daimi bir Mərkəz olacaq hər an,
Əsası Dostluqdur başdan-binadan.”

Xoş arzularla, Fərman BORÇALI

Bu yazılara da göz atın...