Home banner Cəmiyyətin nümunəvi İNSANLIQ SALNAMƏSİ-ELDAR QALABƏYOV

Cəmiyyətin nümunəvi İNSANLIQ SALNAMƏSİ-ELDAR QALABƏYOV

by admin
74 views

Ölkəmizin nüfuzu pak və əqidəli insanların sayında zənginlik təşkil edir. Müəyyən inkişaf tempini əldə etmək üçün gərəkli olan önəmli situasiyanı yaradan şəxslərdə elə həmin düzgün əqidəli insanlardır. Ölkənin ziyalısı, millətsevəri, gələcəyini düşünən müdrik insanları olmasa həmin ölkədə hansısa mənəvi zənginlikdən söhbət gedə bilməz.

Səmimi deyim ki, özünün əsl ziyalı örnəkləri ilə çoxları üçün nümunəvi insana çevrilmiş dəyərli insan Eldar Qalabəyovun da xarakterik göstəriciləri bu ictimai zəminlərə tam uyğun gəlirdi. Ömrünü milli mənafeyinə uyğun addımlara həsr edən Eldar müəllim əsl insanlıq nümayiş etdirib. Onun əməli işlərində müasirlik günün reallığı kimi həmişə diqqət çəkib. Bir sözlə, Eldar müəllim cəmiyyət və dövlət məsələlərinə ciddi önəm verib.

O, son dərəcə səmimi insan olaraq uzun müddət müxtəlif təşkilatlarda rəhbər vəzifələrdə işləyib, cəmiyyətimizə yararlı töhfələr verib. Belə ki, serjantlıqdan polkovnik rütbəsinə qədər yüksələn Eldar Qalabəyov ümumilikdə 35 ildən çox daxili işlər orqanlarında xidmət göstərib.

Qısa tanışlıq

Eldar Əsgər oğlu Qalabəyov 1951-ci ildə qədim diyarımız, bənzərsiz təbiəti olan, dahi şəxsiyyətlər yetişdirmiş Naxçıvanda dünyaya göz açıb. Orta təhsilini Naxçıvan şəhərindəki 7 nömrəli məktəbdə alıb. Bu ulu diyarda böyüyüb, nəinki Azərbaycana, türk dünyasına başucalığı gətirib. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun avtomobil fakultəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra Naxçıvan şəhərində yerləşən Avtobazada dispetçer, daha sonra Naxçıvan Dövlət Yol Polisində inspektor, Şərur, Sədərək, Culfa rayonlarında Yol Polis şöbələrində məsul vəzifələrdə işləyib. 1984-87-ci illərdə Naxçıvanda (MERO) İmtahan Qeydiyyat İdarəsinə rəhbərlik edib. 1987-1994-cü illərdə Bakı şəhər Şüvəlan Polis məktəbində rəis müavini vəzifəsində çalışıb. Bakı İdarəetmə Akademiyasını qurtarıb. 1994-cü ildə Bakı şəhər Dövlət Yol Polisi İdarəsində komandir müavini, sonra rəis vəzifəsində sədaqətlə işləyib. Dəfələrlə hökumətimiz və ictimai təşkilatlar tərəfindən Fəxri Fərman və Diplomlara layiq görülüb, dövlətə, dövlətçiliyə şərəflə xidmət göstərib.

İşlədiyi müddətdə böyük minnətdarlıq hissi ilə ulu öndər Heydər Əliyevin maşın karvanını müşayiət edib. Hətta bir dəfə yolu su basdığından ulu öndərin maşın karvanı yolda çətinliklə üzləşib, lakin, Eldar Qalabəyov problemin düzgün həll yolunu tapıb və maşın karvanını sağ-salamat həmin vəziyyətdən qurtarıb. Onun bu qəhrəmanlığı Heydər Əliyevin diqqətini çəkib və onun ünvanına xoş sözlər deyib.

Eldar müəllim respublikamıza gələn yüksək vəzifəli qonaqları da müşayiət edib. Məsələn, Belarus prezidenti Lukaşenko ona saat hədiyyə edib, Roma papası ona medal verib. Bu da təbii ki, Eldar müəllimin vəzifə uğurudur.

Uzun müddət polis sistemində işləyən Eldar müəllim polis polkovniki kimi təqaüdə çıxdıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Sanqaçal taxıl Terminalının direktoru işləyib. Yaradıcı insanlara, ziyalılara öz diqqət və qayğısını əsirgəməyib. Kollektiv arasında böyük nüfuz və hörmət sahibi olub. Əbəs yerə deyil ki, insanlıq etalonu onu yüksək şərəfə mindirib.

Eldar Qalabəyovun babaları el-obanın hörmətli, sayılıb-seçilən kişilərindən olub, həyatlarında halallığa, insanlıq məsələlərinə, mənəvi ucalıqlara böyük yer ayırıblar. Məhz, onların kişilik mərdanəliyi bu gün miras qoyduqları nəslin həyat qaynağıdır. Bu həyatın bəxş etdiyi mənəvi ucalıqlar Eldar Qalabəyovun insanlıq qürurunu böyük dəyər sahibi kimi saflaşdırıb.

4 övladı var. Ömür-gün yoldaşı Xanım ana ilə bərabər övladlarının sevinc, fəxarət hiss ilə qürur duyur.

Eldar Qalabəyovun Vətən duyğuları hər kəsə bəllidir. O, Qarabağ müharibəsində iştirak edib, Ağdam və Ağdərədə əsl igidlik göstərib, torpaqlarımızın bütövlüyü uğrunda vətəndaş mövqeyini ifadə edib.

Bəzi insanlar doğulduqdan sonra həyata bağlanır və bir ömür fədakarlıq nümayiş etdirirlər. Dəyərli şəxsiyyət Eldar Qalabəyovun da bu mənada həyat duyğularında çox şey insanı mənəvi yüksəlişə sövq edir. Onun həyat amalı həmişə ovqatına xoş təsir edib, yaradıcı düşüncələri öz həyat dürüstlüyü ilə diqqət çəkib…

Doğrudan da, işin başında duran kimdirsə, iş də odur. Bu mənada Eldar Qalabəyovun uzun illər çalışdığı sahələrdəki uğuru artıq cəmiyyətimizə sirayət etməkdədir. Onun bu sahədəki perspektivlərinə nəzər salanda, düşünürsən ki, o, aid olduğu sahə ilə bağlı bütün məsuliyyəti sanki öz üzərinə götürüb. Buna görə onun kimi kadrların cəmiyyət fəallığı hazırda ictimai nəzərlərə yüksək stimul verib. Elə bunun nəticəsidir ki, bu gün ölkənin ictimai mühitində bir nizamlanma özünü göstərir və səmimi deyək ki, bu istiqamətdə Eldar müəllimin də böyük əməyi olub.

Əlbəttə, insan şəxsiyyəti özünü bütün labüd hallarda aktiv göstərir. Lakin, cəmiyyət məsələlərində şəxsiyyət fəallığının daha geniş aspektləri var. Bu, həm də ictimai əhatənin genişlənməsinə zəmin yaradır. Məhz bu mənada, Eldar Qalabəyovun cəmiyyət üçün etdikləri alqışa layiqdir.

Az-az insan var ki, el içində hərtərəfli hörmət qazanır. Az-az ziyalı var ki, onu canlı görmək, gendən də olsa, şəxsiyyət adının fövqünə baxış cilvələmək istəyirsən. Səmimi deyək ki, Eldar Qalabəyovun da insan fəhmi bu ucalıqda bərq vurub. O, yaxşı əməlləri ilə ad qoyub, hər kəsin sevimlisinə çevrilib. Geniş ictimaiyyətin dəyər verdiyi bu şəxsin sifət cizgilərində böyük tərbiyə, etik-əxlaq normaları məna tapır. Əslində, bu dediklərimiz Eldar müəllimin həyat yolunun çox cüzi bir hissəsidir.

Onun ömür salnaməsində yüz illərin möhtəşəm fəvvarələri çırpınmaqdadır. O, vaxtın, zamanın ucada tutduğu insandır. Xeyirxahlığı, zəhmətə bağlılığı həyata sevgisində açıq-aşkar görünüb. Ətrafındakıların sevincini, kədərini, arzu və istəklərini özününküləşdirməyi bacarıb. Bəxtiyar Vahabzadə demişkən:

Yalnız başqasını düşünən zaman,
Qalxır insanlığın fövqünə insan.

Eldar müəllimin həyatı, insani fəaliyyəti yetişən nəsillərə bir nümunədir. Ömür vəfa etsəydi Eldar Qalabəyovun 70 yaşını qeyd edəcəkdik. Amma taleyin acımasız addımı bu xoş günü bizə görsətmədi. Cəmiyyətimizi canlı insanlıq salnaməsindən məhrum etdi.

Allah sənə rəhmət eləsin, Eldar müəllim!

Fərman Borçalı

Bu yazılara da göz atın...