Home CƏMİYYƏT “O vaxt televiziyaya çox insan gəlib-gedirdi, hamısı da cavan qızlara diqqət edirdi…”

“O vaxt televiziyaya çox insan gəlib-gedirdi, hamısı da cavan qızlara diqqət edirdi…”

by admin
4 views

“Mən televiziya həyatına 10-cu sinifdə oxuyanda gəlmişəm.. Yadımdadır ki, ilk gün çantamla getmişdim telekanala.. Bəzən elə dərslərimi də orada hazırlayırdım. Bu gün təbii ki, televiziya üçün darıxıram. Rövşən müəllim sədr seçiləndə məni dəvət etdi ki, gəl veriliş apar. Amma indi aparıcılıq edə bilmərəm, çünki o cəldlik, o sima məndə yoxdur. Özümdə güc görmürəm, 80 yaşın içindəyəm. 80 yaşında aparıcı kimə lazımdır? Çox istərdim ki, yeni aparıcılarımız işlərini sevsinlər, öz peşələrinə hörmətlə yanaşsınlar. Ayıq-sayıq, ürəkli olsunlar. Tamaşaçıya necə hörmət edərsən, elə də hörmət görərsən”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, məşhur diktor Ofeliya Sənani bildirib. Sənətkar bildirib ki, televiziyada çalışdığı müddətdə göz-nəzərlər hər zaman üstündə olub.

“O vaxt televiziyaya çox insan gəlib-gedirdi.. Hamısı da bizim kimi cavan qızlara diqqət edirdi. Görürdüm ki, kənarda bir kişi məni müşahidə edir. Sən demə, məşhur aktyorumuz Möhsün Sənani mənə nəzər yetirir, oğlu Valid üçün seçirmiş. Gedib oğluna demişdi ki, televiziyada bir ağıllı qız var, istəyirəm gəlinimiz olsun. Validin heç vaxtı yox idi, xəbərlərdə redaktor idi. Bütün günü işləyirdi. Validdən çox Möhsün müəllim məni izləyirdi (gülür)” deyə diktor bildirib.

Xalq artisti daha sonra Möhsün Sənaninin qısqanclığından danışıb.

“Həyat onun üçün səhnə idi. Uşağlıqdan çox əziyyət çəkmişdi, ona görə də bütün çətinliklərə alışmışdı. O bəzən həyatı haqqında faktları danışanda mən təəccüblənirdim ki, balaca uşaq necə bütün bunlara dözüb. Çox zirək idi. Biz bir yerdə yox, ayrıca yaşayırdıq. Həddindən artıq çalışqan, bir sözlə od-yalov idi. “Dağlarda döyüş” filmində onunla birgə çəkilmişəm. Biləndə ki, filmə Möhsün müəllimlə çəkiləcəyəm, çox sevindim. Amma Möhsün müəllim çox zəhmli idi. O qədər qısqanc idi ki.. Rolumuzu ürəkdən oynamağa qoymurdu.. Şahmar Ələkbərova imkan vermirdi ki, yaxınıma gəlsin, ürəkdən oynasın. Mən də bütün günü Şahmarla dublyajda idim. Biz bacı-qardaş kimi idik. Adil İskəndərov mənə deyirdi ki, qızım, mən səni 30 filmə çəkərəm, amma qayınatan qoymur. Möhsün Sənani deyirdi ki, Ofeliya çəkilsə, mən də onunla birgə çəkilməliyəm” deyə Xalq artisti bildirib.

Bu yazılara da göz atın...