Home GÜNDƏM Azərbaycan-Türkiyə dostluğunu hədəf alan ŞOK İDDİA-“FETO Azərbaycanda hərəkətə keçib”

Azərbaycan-Türkiyə dostluğunu hədəf alan ŞOK İDDİA-“FETO Azərbaycanda hərəkətə keçib”

by admin
6 views

Ötən həftə Türkiyədə Rusiya və Çin yönümlü (Avrasiya ittifaqı və Şanxay Təşkilatı) fəaliyyət göstərən Ulusal kanalda “FETO Azərbaycanda təkrar hərəkətə keçir” məzmunlu bir süjeti izlədim.

Azərbaycanlı QHT sədri Əhməd Şahidovun hazırlayıb ərsəyə gətirdiyi proqramda Gülən camaatının yenidən Azərbaycanda fəaliyyətə başladığını deyirdi. Şahidov bu qrupun Azərbaycandakı əsas fiquru Elnur Aslanovun 44 günlük Qarabağ müharibəsindən istifadə edərək bəzi yüksək vəzifələrdə öz adamlarını yerləşdirdiyini deyir.

Bu, olduqca ciddi ittihamdır. Əvvəla, 2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsindən sonra Azərbaycanda da bu dini icmaya qarşı müəyyən tədbirlər görülüb; onların tədris mərkəzləri əllərindən alınıb, Qafqaz Universitetinin fəaliyyəti dayandırılıb, Xəzər Tv-də Əli Həsənovun ixtiyarına verilib.

Həqiqətən, Gülən tərəfdarları Azərbaycanda möhkəmlənməyə başlayıblarsa, Əhməd Şahidov ortaya ciddi sübutlar qoymalıdır. Bu, sıradan bir mövzu deyil ki, üstündən keçəsən. Mənim məlumatıma görə, Elnur Aslanov heç Azərbaycanda deyil.

Əhməd Şahidov gülənistləri “deşifrə” edərkən, siyasi aktivistlər Bəxtiyar Hacıyev və Fərhad Mehdiyevi də unutmayıb. Öncə deyim ki, bu iki şəxs Dağlıq Qarabağ ərazisində yardım kampaniyalarını həyata keçirərkən, Müdafiə Nazirliyindən icazə alıblar. Belə çıxır ki, daha doğrusu, Əhməd Şahidovun məntiqinə görə, MN Fərhad və Bəxtiyar adlı iki gülənisti bilərəkdən Qarabağa göndərib. Məncə, bu iddia skandaldır, ayıbdır. Bu, birbaşa olaraq, Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasına hesablanıb. Açıq desəm, Ərdoğan və Əliyevin arasını soyuq etməyə hesablanıb.

Fərhad Əliyev bir müddət Qafqaz universitetində müəllim işləyib. Mənim müşahidələrimə görə, o, dini düşüncəli yox, daha çox liberal fikirli insan kimi tanınır. Şahidovun əlində onun fətullahçı olması haqqında müfəssəl məlumat varsa, zəhmət çəksin ictimaiyyətə açıqlasın.

2016-cı ildən sonra Gülən təriqətinin Azərbaycandakı əsasları sarsılıb. Azərbaycanda Gülənistləri araşdırmaq istəyirsinizsə, daha çox Əli Həsənovun fəaliyyətinə diqqət yetirin. O zaman Əli Həsənovun FETO bağlantılarını daha aydın sezmək olur.

Vətən müharibəsində Azərbaycan-Türkiyə münasibətləri dünyaya örnək olacaq səviyyədə inkişaf edib. Türkiyə qardaş Azərbaycana görə, bütün beynəlxalq təhdidlərə sinə gəlib. Belə olan təqdirdə, Azərbaycanda FETO məsələsini gündəmə gətirmək iki dövlətin münasibətlərinə ciddi xələl gətirə bilər. Əhməd Şahidov və onun kimilər diqqətli olsalar yaxşı olar.

Məncə, ayrı-ayrı marginal gülənçi qruplar olsa da, Azərbaycanda hazırda bu dini camaatın oturuşmuş əsasları yoxdur.

Kamal ƏLİYEV

Bu yazılara da göz atın...