Home banner Ziya Məmmədovun 500 milyon “xərclədiyi” körpünü NİYƏ GÖRƏN OLMAYIB?-“Çünki, YOXDUR”

Ziya Məmmədovun 500 milyon “xərclədiyi” körpünü NİYƏ GÖRƏN OLMAYIB?-“Çünki, YOXDUR”

by admin
78 views

“Günlərin bir günü azərbaycanlı məmur xarici ölkələrdən birinə gedir. Orada ona gözəl bir körpünü göstərib deyirlər: “O körpünü görürsən…”

Körpüyə xərclənən vəsaitlə, layihə ilə bağlı məlumat verilir. Azərbaycanlı məmur körpünün gözəlliyinə heyran qalır. Növbə Azərbaycan səfərinə çatır. Azərbaycanlı məmur bu dəfə “körpü” təqdim etməli olur:

“O körpünü görürsən, ona 1 milyard dollar xərcləmişik”. Xaricdən gələn qonaq heyrətlə baxır. Qarşısında körpü yox idi”.

Ölkəmizdə yol nəqliyyatında olan mənimsəmə, korrupsiya halları o qədər populyarlaşıb ki, hətta lətifələrin predmetinə də çevirilib. Bu hallarla bağlı mətbuat orqanlarında da yazılar, tənqidi məqalələr dərc olunsa da, onlarla bağlı araşdırmalar aparılmayıb, mənimsəmə faktları zaman-zaman üzə çıxarılsa, qarşısı alınmayıb. İndi isə həmin faktlar bir daha üzə çıxıb və müzakirələr doğurub.

Müzakirəyə səbəb olan məsələlərdən biri də “Gənclik” metrostansiyasının ətrafında inşa edilən keçid üçün xərclənən vəsaitdir. Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi dövründə 2,5 km uzunluğu olan keçid üçün 512 milyon dolların xərclənməsi hədsiz şişirdilmiş rəqəm hesab olunur.

Müzakirə olunan bu cür faktlarla bağlı çoxsaylı suallar yaranır.

Əsası isə əgər hər hansı bir qurum və ya şəxs korrupsiya ilə məşğul olubsa, digər cavabdeh qurumlar, nəzarətçi orqanlar niyə bu bu cür mənimsələrə göz yumub?

KAİM.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ümumiyyətlə, vaxtilə bu tipli layihələrdə korrupsiya fantastik həddə idi:

“Neftin qiymətinin çox yüksək olduğu dövr bu cür , yəni məzmunu, məqsədi dəyəri ilə üst-üstə düşməyən layihələrin sayı həddindən artıq çox olub. Yol tikintisində də belə böyük yeyintilərin olduğu da görünürdü. Bakıdan Rusiya sərhədinə qədər çəkilən beton yolun tikintisini də misal gətirmək olar, hansı ki, həmin yol 25 il təmir olunmayacadı. 100 milyonlarla vəsait xərcləndikdən 2 il sonradan təmir işləri başlandı və bu günə qədər də təmir davam edir. Yəni bu işlərin görülməsində tək korrupsiya yox, həm də keyfiyyətsizlik dövlət büdcəsinə ziyan vurub”.

İqtisadçı xatırladır ki, o zaman da korrupsiya faktları ilə bağlı mətbuatda xəbərlər yayılıb, araşdırmalar dərc olunub:

“Amma çox təəssüf ki, həmin vaxt korrupsiya faktlarını dilə gətirənlər hədəfə gəlirdi. Hüquq mühafizə orqanları korrupsiya faktlarını yox, həmin araşdırmalarla bağlı jurnalistləri, Qeyri Hökumət Təşkilatlarını hədəfə alırdı. Çox qəribə bir dövr yaşadıq, təqribən 2010-cu ildən 2016-cı ilə qədər bu davam edib. Böyük neft pulları dövründə bu cür şişirdilmiş layihələrin sayı onlarla olub. Təəssüf ki, bu cür məsələlərlə bağlı hüquq mühafizə orqanlarının və ya Hesablama Palatasının ciddi araşdırmasını görməmişik və cəzalandırılma olmayıb. Cəzasızlıq mühiti isə bu tipli hərəkətlərə rəvac verib. Əslində bu Azərbaycanda illərdir ki, davam edən xroniki problemdir. Korrupsiya, büdcə oğurluğu sistemli bir hala gəlmişdi. Hər kəsin öz payı olduğu üçün bu susqunluqla qarşılanırdı”.

İndi israfçı xərclərə görə cavabdeh şəxs və şəxslərin cəzalandırılacağı gözləniləndirmi? Natiq Cəfərli deyir ki, cəza olmasa, bu tipli məsələlərin təkrarlanması üçün zəmin yaranacaq:

“Ən azı, ciddi araşdırmalar aparılmalı, cəza tədbirləri görülməlidir ki, bu məsələlərə son qoyulsun. Bu, məsələnin bir tərəfidir, məsələnin daha fundamental tərəfi, institutsional həlli ondan ibarətdir ki, ümumiyyətlə, idarəetmənin yaratdığı bu “fürsətlər” aradan qaldırılmalıdır. İdarəetmə sistemində olan problemlər, vətəndaş nəzarətinin zəifliyi buna gətirib çıxarır. Qeyri-hökumət təşkilatlarının işinin genişləndirilməsi, jurnalistlərin fəaliyyəti ilə bağlı məhdudiyyətlərin aradan qalxması, jurnalistlərlə dövlət idarələri arasında normal təmasların bərpa olunması, hesabatlılıq bu tipli məsələlərdə institutsional həll yollarıdır. Cəzalanma olmalıdır, bununla yanaşı elə bir sistem qurulmalıdır ki, gələcəkdə bu tipli məsələlərin baş verməsinə zəmin yaranmasın. Məsələlərin həllinə kompleks yanaşılacaqsa, o zaman ciddi effekt olacaq”.

Dövlət büdcəsindən talanan pulların geri qaytarılması mümkündürmü?

İqtisadçı bildİrir ki, bu, mümkün olsa da, çətin prosesdir:

“Bunun üçün məhkəmə qərarları olmalıdır. Məhkəmələrdə ciddi araşdırmalar olmalı, amma məsələ də bundadır ki, belə bir araşdırmaların aparılmasına şərait yaranacaqmı? Hüquq müstəvisi olmadan bu vəsaitlərin geri qaytarılması və ya “əl dəyişdirilməsi olsa” bu gələcəkdə daha böyük fəsadlar verə bilər. Məhkəmələrdə ciddi araşdırmalar aparılmalıdır – kimlər göz yumub, nəyə görə ölkədə bu situatsiyanın yaranmasına şərait olub. Bütün bunlar ciddi araşdırma tələb edir – hüquqa söykənən qərarlar vasitəsilə bu vəsaitlərin bir hissəsinin dövlət büdcəsinə qaytarılması mümkündür”.

KAİM.az

Bu yazılara da göz atın...