Home banner Azərbaycanda Türkiyənin HƏRBİ BAZALARI YARADILACAQMI?-Hərbi doktrinanın YENİLƏNMƏ PLANI

Azərbaycanda Türkiyənin HƏRBİ BAZALARI YARADILACAQMI?-Hərbi doktrinanın YENİLƏNMƏ PLANI

by admin
50 views

Parlamentin son iclasında deputat və STM-in rəhbəri Zahid Orucun 2010-cu ildə qəbul edilmiş Azərbaycan hərbi doktrinası haqqında fikirləri diqqətimi cəlb etdi. Məlumunuz olsun ki, 2010-cu ildə qəbul edilən hərbi doktrina yekun xarakter daşımır və dəyişilməyə həmişə açıqdır. Zahid Oruc deyir ki, hərbi doktrinaya yenidən baxıla bilər. Hərbi doktrina mahiyyət etibarı ilə istənilən dövlətin hərbi təhlükəsizliyi ilə bağlı məsələdir.

Azərbaycan hakimiyyəti hərbi doktrinanı niyə dəyişmək istəyir?

YAP hakimiyyəti dərk edir ki, Rusiya Ermənistanda hərbi baza saxlamaqla istər-istəməz Qafqazda balansı pozub. Faktiki olaraq, Ermənistan adlı dövlətin milli təhlükəsizlik strategiyasını Rusiya həyata keçirir. Üstəlik, Rusiya özünün yaratdığı KTMT-yə Ermənistanı da daxil edib. Gürcüstandakı situasiya məlumdur. Noyabrın 10-da Putin İlham Əliyev və Nikol Paşinyanın razılığına əsasən, Yuxarı Qarabağa sülhməramlılarını göndərib. Ortada Azərbaycan üçün disbalans bir vəziyyət yaranıb. İndi Əliyev hökuməti 2010-cu ildə qəbul etdiyi hərbi doktrinanı dəyişmək niyyətindədir.

Bizim üçün hazırda ən rasional seçim Türkiyə hərbi bazalarının Azərbaycanda fəaliyyət göstərməsi olardı. Düzdür, Azərbaycan Türkiyə ilə 2010-cu ildə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalayıb. Lakin, bu bizi razı sala bilməz. Yəni, bu müqavilə hərbi sahədə əməkdaşlıqdır, ölkəmizdə xarici hərbi bazanın yaradılması demək deyil. Son 44 günlük ikinci Qarabağ savaşı və ondan sonrakı vəziyyət bizə göstərir ki, qarşımıza ciddi geosiyasi problemlər çıxa bilər. İndi sual olunur: Azərbaycan hakimiyyəti bu çalxantılardan necə çıxa bilər və hansı adekvat münasibəti sərgiləyə bilər. Postpandemiya dövrü bir sıra parametrlərinə görə yeni dünya düzəninin əsasını qoyacaq. Yəni, hər şey keçmişdəki kimi olmayacaq. Bunun üçün Azərbaycan yubanmadan öz hərbi doktrinasını dəyişməlidir və ölkədə Türkiyə hərbi bazalarının yerləşdirilməsinin qanuni əsasını yaratmalıdır. Həqiqət budur ki, Rusiya bizimlə Ermənistan arasında özünü neytral tərəf kimi göstərsə də, daha çox Ermənistana yiyə durur. Dəfələrlə yazmışam ki, müharibə əslində bitməyib. Rusiya sülhməramlılarının Qarabağda varlığı hər an təhdid sayılmalıdır. Bu, o deməkdir ki, Rusiya üçüncü Qarabağ müharibəsini müəyyən bir perioddan sonra başlada bilər. Bu baxımdan, Azərbaycan ərazisində Türkiyə hərbi kontingentinin yerləşdirilməsi istənilən an hadisələrə birbaşa müdaxiləni asanlaşdıra bilər. Bir cümlə ilə deyim ki, bu, Türkiyənin yarana biləcək xoşagəlməz situasiyaya vaxtında və adekvat müdaxiləsinə imkan yarada bilər.

Digər tərəfdən, Azərbaycan və Türkiyə arasında hərbi sənaye sahəsində birgə fəaliyyət planı qurulmalıdır. Məsələn, iki ölkənin HHM sistemləri inteqrasiya edilə bilər. Türkiyənin hərbi sənaye kompleksi son illər xeyli inkişaf edib. ASELSAN və ROKETSAN kimi şirkətlər Türkiyənin HHM sistemlərinin inkişafı sahəsində uğurlar əldə edib. Hətta, çox müsbət olardı ki, adlarını çəkdiyim şirkətlər Azərbaycanda öz zavodlarını yaratsınlar. Bunun üçün Azərbaycan təkcə strateji deyil, eyni zamanda öz siyasi seçimini də etməlidir. Yaxşı deyiblər ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Ukrayna, Gürcüstan, Dağlıq Qarabağ kimi regionlar həmişə aktiv müharibə ehtimalı daşıyan ərazilərdir. Biz öz dostumuzu və düşmənimizi seçməyi bacarmalıyıq. Ermənistanın sabah revanşist siyasət yürütməyəcəyinə heç kim zəmanət verə bilməz. Biz indi gələcəyi düşünərək, Ermənistan və onun hamisi Rusiyaya qarşı çəkindirici siyasət aparmalıyıq. 44 günlük müharibədə Pakistan, İsrail və Böyük Britaniyanı yanımızda gördük. İndi bu ölkələrlə daha sıx müttəfiqlik münasibətlərini qurmalıyıq.

Hesab edirəm ki, Azərbaycanın xarici siyasət konsepsiyası qonşularla “sıfır problem” və yeni dostlar qazanmaq olmalıdır. Ya da hər hansı konflikt mərhələsində bəzi dövlətləri neytrallaşdırmağı bacarmalıyıq. Avropa İttifaqı və ABŞ-la münasibətləri korlamaq heç də xoş deyil. Ən azından, bu dövlətlərin aqressivliyini cilovlamaq, onları maksimum neytrallaşdırmaq daha məqbuldur. Hər halda, Əliyev hakimiyyəti də bilir ki, Aİ və ABŞ ilə sürtüşmək və ya soyuq münasibətlər Azərbaycan dövlətçiliyi üçün problemlər yarada bilər. Hökumətlər, rejimlər gəldi-gedərdir, dövlətçilik isə daha ağıllı, daha konseptual siyasi xətti tələb edir.

Siyasi ekspert Kamal ƏLİYEV

KAİM.az

Bu yazılara da göz atın...