Home banner Keçmiş milyarder MƏMURLAR və absurd DÖVLƏT ÇEVRİLİŞİ PROSESİ-ANALİZ

Keçmiş milyarder MƏMURLAR və absurd DÖVLƏT ÇEVRİLİŞİ PROSESİ-ANALİZ

by admin
47 views

İlham Əliyevin bir neçə gün öncə öz təyin etdiyi nazirləri tənqid etməsi, keçmiş nazirlər Səlim Müslümovun və Ziya Məmmədovun həbsi YAP hakimiyyəti daxilində müəyyən özbaşınalıqların olduğunu göstərir. Lakin, bu faktlardan “dövlət çevrilişi” düzəltmək olduqca məntiqsizdir. Hakimiyyətə yaxın media keçmiş məmurların həbsinə maksimum siyasi motiv calamağa daha çox həvəsli görünür. Və bu “dövlət çevrilişi”motivini daha inandırıcı etmək üçün 5-ci kalonun varlığını daha çox qabardırlar. Mən heç vaxt Azərbaycanda 5-ci kalonun varlığını inkar etməmişəm.

Azərbaycanda ayrı-ayrı ölkələrin, o cümlədən Rusiyanın siyasi nüfuzunu müdafiə edən kifayət qədər siyasi və ictimai xadimlər var. Ramiz Mehdiyev Rusiyanın ölkədəki 5-ci kalonunun təcrübəli kuratorudur. Son parlament seçkilərinin nəticələri Mehdiyevin qurduğu planın nəticəsidir. Ramiz Mehdiyevin sinəsinə medal taxılıb AMEA-ya göndərildikdən sonra həmin təyinatlı parlamentin çox az sayda deputatı onun əleyhinə çıxıb. Parlamentdəki antimehdiyevçilərin əsas fiquru spikerin müavini Adil Əliyevdir. Diqqət edin, Ramiz Mehdiyev öz maraqlarına uyğun elə bir parlament formalaşdırıb ki, sanki o, irəlidə baş verəcəklərdən agah imiş. Bu adam kifayət kifayət qədər sinsi və karyerist kommunist olub. Mehdiyev bürokratik aparatı necə idarə etməyi çox gözəl bilir. Kremlin Azərbaycanda ən çox güvəndiyi adam Ramiz Mehdiyev, Ermənistanda isə Robert Köçəryandır.

İndi gələk əsas məsələyə. İqtidar tərəfdarlarının “çevriliş” iddialarına. Dəfərlə yazmışam ki, Əliyev iqtidarı bir komanda olaraq kifayət qədər monalitdir. Azərbaycan hakimiyyətinin oliqarx təbəqəsi yaxın qohumdurlar və birbirlərinin sirrlərinə vaqifdirlər. Bundan başqa, bu oliqarxlar ölkəni o qədər talayıblar ki, tükənməz maliyyə resurslarına sahib olublar. Lakin, bu “üstünlük” o demək deyil ki, məmurlar çox rahat şəkildə dövlət çevrilişi edə bilərlər. Dövlət çevrilişi elə bir mexanizmdir ki, bunu şərtləndirən amillər olmalıdır. Azərbaycan Myanmar deyil ki, 5-6 tankı küçələrə çıxarıb dövlət çevrilişi edəsən. Hətta ilin-günün bu vaxtında nüfuzu azalmış Paşinyana qarşı dövlət çevrilişi etmək belə məşəqqətli işdir. Yəni, dövlət çevrilişi təkcə xarici faktordan asılı deyil. Doğrudur, indi postmodern dövlət çevrilişləri baş verir. Lakin, klassik dövlət çevrilişlərində həmişə ordu, silahlı qüvvələr əlahiddə rol oynayır. Azərbaycan ordusunun Əliyevə qarşı dövlət çevrilişi etmək istəməsi absurddur. Digər tərəfdən, Nəcməddin Sadıqovunda təqaüdə göndərildiyi bir vaxtda dövlət çevrilişi adlı siyasi olayın baş tutması yumşaq desəm siyasi savadsızlıqdır. Bəzi siyasətçilərin israrla dövlət çevrilişi sözünün arxasına sığınması da gülməlidir. Siyasi tarixi oxumuş olsaydılar, əminəm ki, bu adamlar belə danışmazdılar. Hətta, bəziləri o qədər absurdizmə varırlar ki, 44 günlük müharibənin dövlət çevrilişinin qarşısını aldığını düşünürlər. Bu gün Rusiyada dövlət çevrilişinin baş tutma ehtimalı daha yüksəkdir. Çünki, Rusiya ordusu təkcə Şoyqu demək deyil. Azərbaycan ordusu isə birbaşa İlham Əliyev deməkdir. Və belə olan təqdirdə, Azərbaycan prezidentinin çevriliş edəcəyi sadəcə bir nağıldır.

Əlbəttə, dövlət çevrilişini şərtləndirən amillərdən biri də maliyyə resurslarıdır. Mən bunu inkar etmirəm. İndi Ucarda mal-qara saxlayan, buğda-arpa əkən Ziya Məmmədovun, ağsaqqal Yanvar kişinin oğlu Səlim Müslümovun da yetərincə pulu var. Bu hakimiyyətdə kasıb yoxdur. Bütün məmurlar ölkədən milyardlarla vəsait çıxarıblar. Kəmaləddin Heydərov 28 milyardı ölkədən çıxara bilibsə, başqaları da bu işə qol qoyub. Heydərovun təkcə Qəbələdə yox, bütün dünyada yaşıl villaları var. AZAL-ın şefi Cahangir Əsgərovun varidatı da dodaq uçuqladır. İllərdir, bu harınlamış tiplər o qədər korrupsiyaya bulaşıb ki, təəccüblənməyə bilmirsən. Mən həmişə demişəm ki, azərbaycanlı məmurların dövlət idarəetməsindən xəbərləri yoxdur. Onlar milyardları öz biznes bacarıqları sayəsində deyil, korrupsiya yoluyla əldə ediblər. Hətta, bu adamların total siyasi iddiaları belə olmayıb. Bu korrupsionerlərin əsas məqsədi vəzifələrində uzun müddət qalmaq və maksimum talamaq olub. Hətta, bunların övladlarının çoxu heç Azərbaycan vətəndaşı deyillər. Qısaca fikirimi belə tamamlıyım ki, Azərbaycanda hansısa oliqarx məmurun dövlət çevrilişi etmə ehtimalı belə gülüncdür, gülməlidir.

Siyasi ekspert Kamal ƏLİYEV

KAİM.az

 

Bu yazılara da göz atın...