Home SOSİAL ŞAD XƏBƏR! Prezidentdən şəhid ailələri və qazilərlə bağlı MÜHÜM SƏRƏNCAM

ŞAD XƏBƏR! Prezidentdən şəhid ailələri və qazilərlə bağlı MÜHÜM SƏRƏNCAM

by admin
7 views
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
KAİM.az xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə sərəncamda aşağıdakılar nəzərdə tutulur.
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin:
1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
2. Yerli icra hakimiyyəti orqanları:
2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər;
2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, 2022–2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
qaynarinfo.az

Bu yazılara da göz atın...